13/02/2013

Yeni mediaya xoş gəldiniz!

Salam, əziz tələbələrim!

Yeni mediaya giriş dərsində hamınızı xoş gördük. Bilirəm ki, başınızda bir ? işarəsi var. Nə öyrənəcəyik deyə maraqlanırsınız...

Yeni mediaya giriş dərsində öncəliklə düşüncə tərzimizi dəyişməli olacağıq, yanaşmalarımız dekonstruksiyaya uğraya bilər. Bundan qorxmayın. Çünki texnologiyanın sürətlə inkişaf etdiyi bu yeni media əsrində biz özümüz də bu axındayıq. Bu dəyişim sürəci bir çox sahələr kimi kommunikasiyanın bir sahəsi olan jurnalistikaya təsir edir, onu dəyişir. Sizlər jurnalist tələbə olaraq bu dəyişim prosesini izləməli və axından salamat çıxmalısınız. Bu dəyişimdə doğru yol yoxdur, amma yanlış yol var! Mən sizə yanlışlardan uzaq durmağı öyrədəcəyəm. Əvəzində sizdən də öyrənəcəyim çox şey olduğunu düşünürəm. Odur ki, dərs boyunca qarşılıqlı bilik paylaşımında olacağıq.

Mən kiməm deyə maraqlananlar üçün haqqımda qısa məlumat:


Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm, bir sıra qəzet və jurnallarla müxbir olaraq əməkdaşlıq etmişəm. İlk dəfə yazım "Gün Səhər" qəzetində dərc olunub. Daha sonra Azadlıq Radiosu ilə əməkdaşlıq etmişəm. Xeyli beynəlxalq və yerli seminarlara, təlimlərə və konfranslara qatılmışam. 2011-ci ildə ABŞ-ın Florida ştatında yerləşən nüfuzlu Poynter İnstitunun yeni media ilə bağlı təlim proqramını bitirmişəm. 2012-ci ildə isə İstanbulda, Kadir Has Universitetində "Yeni media" proqramı üzrə magistr təhsili almışam. Eyni zamanda həmin universitetdə Media və Kommunikasiya Etikası dərsini tədris etmişəm. 2012-ci ilin may ayında İstanbul Bilgi Universitetində II Disiplinlərarası Media Çalışmaları Magistrlar" konfransında  "Sosial media: gücsüzlərin gücü" başlığı altında çıxışım olub. Türkiyədə sosial media məsləhətçisi olaraq Markakod Agentliyində çalışmışam. Təcrübə portfelim və maraqlarım haqqında ətraflı məlumat üçün Linkedin profilimə baxa bilərsiniz.

Bir sözlə, yeni media sahəsində akademik bilgimi və təcrübəmi dərs müddətində sizlərlə paylaşacağam. Ümid edirəm, faydalı olacaq.

Dərs ortamında olan dialoqları Twitter hesablarımızda #YeniMedia etiketiylə paylaşacağıq.

Bu bloq sizin bloqdur, aktiv olun, yazın və paylaşın. Facebook qrupumuzda paylaşmağı da unutmayın!

Sevgi və sayğılarımla,

Səbinə C.Vaqifqızı.

1 comment: